May 02, 2024

Avropa Komissiyasının baş direktoru Cənubi Qafqaza səfər edəcək

Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktoru Gert Jan Koopman ikitərəfli və regional əməkdaşlığın müzakirəsi və yeni layihələrin açılışı məqsədilə aprelin 30-dan mayın 4-dək Ermənistan, Gürcüstan və Azərbaycanda səfərdə olacaq.

 

Aprelin 30-da cənab Koopman Ermənistana səfər edəcək. Bu səfər aprelin 5-də baş tutmuş yüksək səviyyəli Avropa İttifaqı, ABŞ və Ermənistan görüşünün, həmçinin, Ermənistan üçün Dayanıqlılıq və İnkişaf Planının elan edilməsinin davamı kimi həyata keçirilir. Səfər zamanı baş direktor Avropa İttifaqı və Ermənistan əlaqələrinin gücləndirilməsi üçün növbəti addımları, o cümlədən, sektorlararası əməkdaşlığın və Aİ-nin ölkədə investisiyalarının artırılmasını, həmçinin, Aİ-nin islahatlara və məcburi köçkünlərin inteqrasiyasına dəstəyini müzakirə edəcək. O, baş nazir Nikol Paşinyan, o cümlədən, hökumət üzvləri, baş nazirin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryan, parlament üzvləri, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Cənab Koopman, həmçinin, Ermənistanın kənd ərazilərinin enerji səmərəliliyinə və dayanıqlı enerji həllərinə çıxışını yaxşılaşdırmaq üçün Aİ və Almaniyanın birgə layihəsinə start verəcək.

 

Mayın 1-i və 2-də cənab Koopman Avropa İttifaqı və Gürcüstan əməkdaşlığını, o cümlədən, Gürcüstanın Aİ-yə namizədliyi statusu ilə bağlı 9 addım üzərində işi müzakirə etmək məqsədilə Gürcüstana səfər edəcək. O, prezident Salome Zurabişvili, baş nazir İrakli Kobaxidze, o cümlədən, hökumət üzvləri, baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşəcək. Həmçinin, parlament partiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri, investisiya tərəfdaşları ilə görüş nəzərdə tutulur. Cənab Koopman tərəfindən Gürcüstanın suvarma şəbəkəsinin bərpasına yardım, bərpa olunan enerji istehsalına investisiyaların təşviqi və mikro, kiçik və orta müəssisələrə yerli valyuta ilə kredit verilməsinin dəstəklənməsi üçün Aİ tərəfindən maliyyələşdirilən bir neçə layihəyə start veriləcək.

 

Mayın 3-ü və 4-də cənab Koopman Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi konfransı ərəfəsində Avropa İttifaqı və Azərbaycan əməkdaşlığı, o cümlədən, regional əlaqələr və bərpa olunan enerjinin müzakirəsi məqsədilə Azərbaycana səfər edəcək. O, hökumət rəsmiləri, o cümlədən, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşəcək. Baş direktorun rəhbərliyi ilə potensialın gücləndirilməsi, mina təhlükələri ilə bağlı maarifləndirmə və qurbanlara dəstəyin göstərilməsi kimi məsələlərin həllinə yardım məqsədilə Aİ Üzv Dövlətlərinin nümayəndələri ilə birlikdə Azərbaycanda minalarla mübarizə üzrə “Team Europe” təşəbbüsünə başlanacaq. Baş direktor, həmçinin, Avropa İnvestisiya Bankı (EIB) ilə birlikdə mikro, kiçik və orta müəssisələrin maliyyə inklüzivliyinin yaxşılaşdırılması ilə bağlı Aİ-nin dəstəyinə də start verəcək.