Sep 24, 2026
Aİ-Azərbaycan Biznes Forumu 2026 oktyabrın 21-də Bakıda keçiriləcək
Avropa İttifaqı-Azərbaycan Biznes Forumu 2026: Aİ-Azərbaycan biznes dialoqunun 10 illiyi
Növbəti Avropa İttifaqı-Azərbaycan Biznes Forumu 21 oktyabr 2026-cı il tarixində Bakıda keçiriləcək. Builki Forum Aİ-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə və Aİ-Azərbaycan Biznes Forumunun 10 illiyinə təsadüf edir.
Bu il Forum “Dəhlizlərin Birləşdirilməsi: Bağlantılar və İnfrastruktur” (“Bridging Corridors: Connectivity & Infrastructure”) mövzusu altında keçiriləcək. Forum çərçivəsində Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsində, eləcə də regional ticarət və investisiyaların təşviqində nəqliyyat, infrastruktur və bağlantıların artan əhəmiyyəti diqqət mərkəzində olacaq.
Forumun proqramına yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və biznes şəbəkələşməsi daxil olacaq. İqtisadi əməkdaşlıq, investisiya və bağlantılarla bağlı məsələlər dövlət və özəl sektorun perspektivlərindən müzakirə ediləcək.
Forum çərçivəsində, həmçinin 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanan “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2025–2026”nın əsas nəticələri və “Azərbaycanda ticarət sektorunun inkişafı: siyasətlər, məhdudiyyətlər və imkanlar” adlı Ticarət Araşdırması Hesabatı təqdim olunacaq. Hesabatlar Azərbaycanın biznes mühiti, ticarət sektorundakı mövcud tendensiyalar və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə ətraflı məlumat təqdim edəcək.
İlk Aİ-Azərbaycan Biznes Forumunun 2016-cı ildə Bakıda keçirilməsindən etibarən Forum Avropa və Azərbaycan biznes dairələri arasında dialoq üçün mühüm platformaya çevrilib. Forum dövlət qurumlarının nümayəndələrini, Avropa və Azərbaycan şirkətlərini, biznes assosiasiyalarını, ticarət palatalarını, beynəlxalq təşkilatları və digər əsas iqtisadi tərəfdaşları bir araya gətirir.
Aİ-Azərbaycan Biznes Forumu 2024–2026 Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və VM Europe şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən Aİ ticarət palataları və İnvestBaku ilə birgə həyata keçirilir.
Forumda iştirak üçün qeydiyyat - https://forms.gle/S43jTe7dBRpDRmUf7