Sep 17, 2026
Avropa Ticarət Palatalarının Şəbəkələşmə tədbiri keçirilib
Bakı, 17 sentyabr 2026-cı il – Bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən Aİ Ticarət Palatalarının nümayəndələrini bir araya gətirən "Avropa Palataları üçün Şəbəkələşmə" tədbiri keçirilib.
"Aİ-Azərbaycan Biznes Forumu 2024-2026" çərçivəsində təşkil olunan tədbir Aİ Palataları arasında fikir mübadiləsi, müzakirələr və şəbəkələşmə üçün platforma rolunu oynayıb; burada palataların fəaliyyəti, prioritetləri, təcrübə sahələri və gələcək əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib.
Tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisinin açılış nitqi ilə başlayıb. İştirakçı palataların nümayəndələri öz fəaliyyətləri, prioritetləri, təşəbbüsləri və maraq dairələri barədə məlumatları bölüşüblər.
Müzakirələr həmçinin qarşıdan gələn "Aİ-Azərbaycan Biznes Forumu"na hazırlıq prosesinə o cümlədən forumun əsas mövzularına, proqramına və gözlənilən nəticələrinə həsr olunub. İştirakçılar Aİ Palatalarının Foruma töhfə verməsi, onun fəaliyyətində iştirakı və birgə təşəbbüslərin hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirə olunan digər mövzu isə “Aİ-Azərbaycan Rəqəmsal Biznes Platforması”nın bizneslə bağlı məlumat mübadiləsi və qarşılıqlı əlaqə platforması kimi rolunun gücləndirilməsi, o cümlədən platformanın tanıdılması və www.euazbusinessforum.az saytının gələcək fəaliyyəti ilə bağlı məsələlər olub.
"Aİ-Azərbaycan Biznes Forumu 2024–2026" Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviq edilməsinə, eyni zamanda Azərbaycanın biznes mühiti, investisiya imkanları və beynəlxalq biznes tərəfdaşlığı potensialı barədə məlumatlılığın artırılmasına xidmət edir.