Jul 27, 2026

Azərbaycan bankı Avropa fondu ilə yeni iri kredit sazişi imzalayıb - 22 milyon avro cəlb edir

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında yeni iri kredit sazişi imzalanıb.

 

Sazişə əsasən, EFSE tərəfindən Bank Respublikaya Azərbaycan manatı (AZN) ilə, 22 milyon avro ekvivalentində (cari məzənnə ilə 42 milyon 647 min manat ) və 5 il müddətinə kredit ayrılacaq.

 

Cəlb olunan vəsait bankın biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməsinə, sahibkarlar üçün əlçatan uzunmüddətli kredit resurslarının həcmini artırmasına şərait yaradacaq. Maliyyələşmə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək.

 

Ölkə üzrə geniş filial şəbəkəsindən istifadə etməklə Bank Respublika yeni maliyyə resurslarının Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün əlçatan olmasını təmin aedəcək.

 

Bu əməkdaşlıq regionlarda biznesin inkişafına, maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə, sahibkarlıq fəaliyyətinin təşviqinə və ölkənin dayanıqlı iqtisadi inkişafına əlavə töhfə verəcək.