Dec 26, 2024
Azərbaycan AİB-in Qlobal proqramı tərəfindən ayrılan 43 milyon avroluq kreditlə dövlət idarəçiliyini rəqəmsallaşdıracaq
Avropa İnvestisiya Bankının Qlobal proqramı (AİB Qlobal) çərçivəsində Azərbaycanda hökumət xidmətləri üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsi məqsədilə 43 milyon avroluq kredit razılaşması imzalanıb. Kredit dövlətə məxsus “AzInTelecom” MMC-yə ayrılıb. Şirkət bu maliyyələşməni müasir iki yeni data mərkəzinin qurulması üçün istifadə edəcək.
Bu, AİB-in Qlobal proqramının Azərbaycanın dövlət sektoruna ayırdığı ilk kreditdir. Layihə dövlət məlumatlarının və xidmətlərinin daha təhlükəsiz, sürətli və əlçatan olmasını təmin etmək məqsədi daşıyır. İnşa ediləcək data mərkəzləri “bulud” xidmətləri təqdim edəcək. Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki data mərkəzin inşası “yaşıl” texnologiyalar əsasında aparılacaq.
2027-ci ildə başa çatması nəzərdə tutulan layihə eyni zamanda innovasiyalar və ixtisaslaşma tələb edən iş yerləri vasitəsilə iqtisadi imkanlar yaradacaq.
AİB-in vitse-prezidenti və bankın Azərbaycandakı fəaliyyətlərinə nəzarət edən Tereza Çervinska qeyd edib ki, məlumatlara çıxışın yaxşılaşdırılması və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetlərindən biridir.
“İnnovasiya və şəffaflığa yönəlmiş bu konkret investisiya yalnız dövlət idarəçiliyini müasirləşdirməklə kifayətlənməyəcək, həm də dayanıqlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcək”, – o, bildirib.
Bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planı və Global Gateway strategiyasına uyğun olmaqla Avropa İttifaqının regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiyanın təşviqinə sadiqliyini vurğulayır.