Apr 17, 2026
Azərbaycan və Aİ yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etməyi müzakirə edir
16 apreldə Brüsseldə yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etmək və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə əlavə müzakirələr aparmaq üçün Azərbaycan və Avropa İttifaqı nümayəndə heyətləri arasında görüş keçirildi.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa nümayəndə heyətinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktor müavini Audronė Perkauskienė rəhbərlik edirdi.
Konstruktiv müzakirələr hər iki sənəd üzrə mövqeləri qarşılıqlı şəkildə anlamaq və danışıqların sonrakı mərhələlərini planlaşdırmaq məqsədi daşıyırdı.
Görüşdən sonra danışıqların növbəti mərhələsinin iyunun əvvəlində Bakıda keçirilməsi qərara alındı.
Xarici İşlər Nazirliyindən əlavə, Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eləcə də Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri daxil idi.
Səfər çərçivəsində Yalçın Rəfiyev həmçinin Avropa Komissiyasının İqlim Fəaliyyəti üzrə baş direktorunun müavini Yan Dusik və Ətraf Mühit üzrə baş direktorun müavini Patrik Çayld ilə görüşüb. Görüşlər zamanı iqlim fəaliyyətləri və ətraf mühitin mühafizəsi üzrə Azərbaycan-Aİ dialoq formatının yaradılması, eləcə də COP prosesi çərçivəsində və iqlim və ətraf mühit məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.