Nov 23, 2024
AYİB, Aİ və Bank Respublika Azərbaycan KOB-larını dəstəkləyəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika üçün 7,5 milyon ABŞ dolları (7 milyon avro) məbləğində yerli valyuta ilə kredit ayırıb. Bank Respublika bu vəsaitlərdən mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (MKOM-lar) dəstəklənməsi üçün istifadə edəcək.
Kredit haqqında müqavilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində imzalanıb. Maliyyə vəsaiti Şərq Tərəfdaşlığı KOB-ların rəqabət qabiliyyətinin və inklüzivliyinin artırılması proqramı (SMECI) çərçivəsində təqdim ediləcək. Adı çəkilən proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və məqsədi MKOM-ların layihələrinin uğurlu icrası üçün tələb olunan resurslara və bələdçiyə giriş imkanı əldə etmələrini təmin etməkdir.
“Bu maliyyələşdirmə paketi Azərbaycanda həyata keçiriləcək ilk SMECI layihəsidir. MKOM-ların maliyyə resurslarına çıxış imkanını artırmaqla AYİB, Aİ və Bank Respublika Azərbaycanın MKOM sektorunda dayanıqlığı formalaşdırmağa, özəl sektorun inkişafını və iqtisadiyyatın şaxələndirilməsini gücləndirməyə davam edir”, – AYİB-in mətbuat üçün açıqlamasında deyilir.