Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Jul 22, 2026
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidini - dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı və nəticəyönümlü dialoq mexanizmi formalaşdırır. Biznes Şurası iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq.
Şuranın yaradılması Almaniyanın Azərbaycanın iqtisadi potensialına, investisiya imkanlarına və regional bağlantı roluna artan marağının göstəricisidir. Biznes Şurasının əsas məqsədləri dayanıqlı, innovativ və gələcəyə yönəlmiş iqtisadi əlaqələrin təşviq edilməsi, birgə təşəbbüslərin və investisiya imkanlarının müəyyənləşdirilməsinin, inkişaf etdirilməsinin və zərurət olduqda həyata keçirilməsinin dəstəklənməsi, işçi formatları da daxil olmaqla, ekspertiza və ayrı-ayrı sektorlar üzrə bilik və təcrübə mübadiləsinin təmin edilməsi, hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə tövsiyələrin hazırlanmasıdır.
Azərbaycan-Almaniya strateji iqtisadi tərəfdaşlığı
Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkəmizdə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Almaniya investisiyalı 200-dən çox müəssisə fəaliyyət göstərir. İndiyədək Almaniyadan Azərbaycana yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi 937,5 milyon ABŞ dolları təşkil edib. Bu vəsaitin 53,4 milyon dolları neft-qaz, 884,1 milyon dolları isə qeyri-neft-qaz sektorunun payına düşür. Eyni dövrdə Azərbaycandan Almaniyaya yönəldilmiş birbaşa investisiyaların həcmi isə 667,5 milyon ABŞ dolları olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi təxminən 573 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Almaniyaya 234,77 milyon dollarlıq məhsul ixrac olunub, Almaniyadan ölkəmizə isə 338,11 milyon dollarlıq məhsul idxal edilib. Ötən il iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard 376 milyon dollardan çox olub.
Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri yüksəkdir. Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı tərəflər arasında yaşıl enerji, sənaye və texnologiya transferi üzrə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında Birgə Bəyannamənin imzalanması da bu prosesin ən mühüm nəticələrindən biridir. Yeni təsisat iki ölkənin biznes dairələri arasında əməkdaşlığı gücləndirməklə yanaşı, həm də iqtisadi münasibətlərin daha sistemli və institusional əsaslarla inkişafına xidmət edəcək.
Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi dialoqun institusional çərçivəyə salınması kimi xüsusi əhəmiyyət daşıyır. Yeni platforma biznes nümayəndələrinin mütəmadi görüşlərini, birgə layihələrin müzakirəsini, investisiya təşəbbüslərinin hazırlanmasını və sahibkarların qarşılaşdıqları məsələlərin operativ həllini təmin edəcək. Beləliklə, iqtisadi əməkdaşlıq təsadüfi biznes əlaqələrindən çıxaraq davamlı və uzunmüddətli mexanizmə çevriləcək.
Biznes Şurasının yaradılması Almaniyanın Azərbaycanın iqtisadi potensialına artan marağının göstəricisidir
Son illərdə Azərbaycan regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarında ölkənin rolu, həmçinin Xəzər hövzəsində enerji təhlükəsizliyinə verdiyi töhfə Avropa dövlətlərinin diqqətini daha da artırıb.
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, sənaye parklarının yaradılması, azad iqtisadi zonalar, rəqəmsal iqtisadiyyatın inkişafı və "yaşıl enerji" layihələri Almaniya kimi yüksək texnologiyalara malik ölkənin şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır.
Almaniya Avropanın ən böyük iqtisadiyyatına və qabaqcıl sənaye texnologiyalarına sahib ölkələrdən biridir. Maşınqayırma, avtomobil sənayesi, kimya, alternativ enerji, rəqəmsal texnologiyalar və peşə təhsili sahəsində Almaniyanın zəngin təcrübəsi Azərbaycanın iqtisadi inkişaf prioritetləri ilə üst-üstə düşür.
Biznes Şurasının fəaliyyəti nəticəsində alman şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, logistika, nəqliyyat, bərpa olunan enerji, su təsərrüfatı və rəqəmsal transformasiya istiqamətlərində investisiya fəallığının artacağı gözlənilir. Eyni zamanda, Azərbaycan şirkətləri də Almaniya bazarına çıxış imkanlarını genişləndirə biləcəklər. Şuranın əsas üstünlüklərindən biri dövlət qurumları ilə biznes dairələri arasında effektiv əlaqələndirmə mexanizmi yaratmasıdır. Bu platforma vasitəsilə sahibkarlar qarşılaşdıqları hüquqi, inzibati və investisiya mühitinə dair məsələləri birbaşa müzakirə etmək imkanı əldə edəcəklər.
Bundan əlavə, ekspert qrupları və işçi formatları vasitəsilə sektorlar üzrə bilik və təcrübə mübadiləsi həyata keçiriləcək, iqtisadi siyasətin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Bu isə biznes mühitinin daha da yaxşılaşdırılmasına və investorların etimadının güclənməsinə töhfə verəcək.
Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr Almaniya ilə əməkdaşlıq üçün xüsusi perspektivlər açır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan olunması, külək və günəş enerjisi layihələrinin genişləndirilməsi alman texnologiyalarının tətbiqi baxımından mühüm imkanlar yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat, sənaye 4.0, enerji səmərəliliyi, ağıllı şəhərlər və innovativ istehsal texnologiyaları sahələrində də birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin formalaşır.
Azərbaycanın strateji tranzit qovşağı kimi mövqeyi Almaniya biznesi üçün üstünlüklər yaradır
Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji tranzit qovşağı kimi mövqeyi Almaniya biznesi üçün də əlavə üstünlüklər yaradır. Alman şirkətləri Azərbaycan üzərindən Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regional bazarlara çıxış imkanlarını genişləndirə bilərlər. Bu isə əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də regional iqtisadi əməkdaşlığın inkişafında mühüm platformaya çevirə bilər.
Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Şura dayanıqlı, innovativ və gələcəyə yönəlmiş iqtisadi əlaqələrin təşviqi, yeni investisiya layihələrinin formalaşdırılması, texnologiya və bilik mübadiləsinin genişləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynayacaq.
Bu təşəbbüs həm Almaniyanın Azərbaycanın artan iqtisadi və geostrateji əhəmiyyətinə verdiyi qiymətin göstəricisi, həm də Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm addım hesab olunur. Orta və uzunmüddətli perspektivdə Biznes Şurasının fəaliyyəti qarşılıqlı investisiyaların həcminin artmasına, qeyri-neft sektorunun inkişafına və iki ölkə arasında strateji iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə əhəmiyyətli töhfə verəcək.
Azərbaycan məhsulları Almaniyadakı müxtəlif sərgilərdə nümayiş olunur
Azərbaycan məhsulları bu ilin martında Düsseldorfda keçirilən 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub. Şirkətlərimiz gələn il oktyabrın 9-13-də Köln şəhərindəki “Anuga 2027” beynəlxalq sərgisində öz məhsullarını vahid ölkə stendində təqdim edəcək.
Bundan başqa, Avropanın ən iri sərgisi hesab olunan ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisində Azərbaycan indiyədək 14 dəfə təmsil olunub, bu sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendində yerli məhsullarımız nümayiş etdirilib.
Həmçinin ötən ilin mayında Alman İqtisadiyyatının Şərq Komitəsi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb. Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsinə, birgə layihə və təşəbbüslərin təşviqinə töhfə verir.
SOCAR ilə Almaniya şirkətlərinin faydalı əməkdaşlığı
SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də “Uniper” şirkəti arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam edir. Birgə həyata keçirilən layihələr Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2025-2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı mövcuddur. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində perspektivlər var.
Bundan başqa, SOCAR və Almaniyanın Baden-Vürtemberq əyalətinin Walldorf şəhərində yerləşən və dünyanın ən böyük müəssisə proqram təminatı satıcısı olan “SAP SE” çoxmillətli proqram təminatı şirkəti arasındakı uzunmüddətli, səmərəli əməkdaşlıq mövcuddur, ötən illər ərzində qarşılıqlı əlaqələr uğurla inkişaf edib. 2008-ci ildə SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi sahəsində aparıcı proqram təminatı olan SAP ERP sistemin, paralel olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinə başlayıb. SOCAR artıq 18 ildir ki, öz əməliyyatlarında SAP-ı tətbiq edir. İki şirkət arasında insan kapitalı, innovasiya və rəqəmsallaşma sahələrində mövcud və perspektiv əməkdaşlıq imkanları mövcuddur.
SON XƏBƏRLƏR
Jul 22, 2026
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
News
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb.
Jul 21, 2026
Ticarət Missiyası Bakıya (Azərbaycan), 28 sentyabr - 1 oktyabr 2026-cı il
News
Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) sizi Azərbaycan Respublikasının canlı paytaxtı Bakıya eksklüziv ticarət missiyasında iştirak etməyə dəvət etməkdən məmnunluq duyur.
Jul 09, 2026
"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib
News
Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.
Jul 02, 2026
Aİ Cənubi Qafqazda sülh üçün əlaqə və icmalara dəstək proqramlarına başlayır
News
Aİ Cənubi Qafqazda sülh üçün əlaqə və icmalara dəstək proqramlarına başlayır
Jul 02, 2026
Aİ Azərbaycanı enerji və ticarət strategiyasının təməl sütunu kimi görür
News
Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər yeni və daha əhəmiyyətli bir mərhələyə qədəm qoyur.
Jul 01, 2026
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
News
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər üzrə tərəfdaşlığı dərinləşdirmək planları barədə paylaşım edib.
Jun 09, 2026
Aİ Naxçıvan dəmir yolunun bərpasını əsas investisiya layihələrindən biri adlandırıb
News
Avropa İttifaqı (Aİ) Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri hesab edir.
Jun 06, 2026
AYİB: Qlobal enerji qiymətlərinin artması Azərbaycana əlavə gəlirlər qazandıra bilər
News
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iyunun 3-də dərc olunmuş ən son hesabatında bildirilir ki, ötən il Azərbaycan iqtisadiyyatının artım tempində müəyyən zəifləmə qeydə alınıb. Karbohidrogen hasilatının azalması 2026-cı ilin əvvəlində iqtisadi artımın müvəqqəti zəifləməsinə səbəb olub.
Jun 06, 2026
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
News
Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl hidrogen" sahəsi daxil olmaqla, layihələr hazırlayır.
Jun 04, 2026
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edir
News
2 və 3 iyun tarixlərində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri və yeni Hərtərəfli Saziş üzrə danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlar Aİ və Azərbaycan arasında münasibətlərin 30 illiyi ilə eyni vaxta təsadüf edib.
Jun 02, 2026
Azərbaycan Bolqarıstan və Aİ ölkələri üçün etibarlı tərəfdaşdır
News
Kiril Temelkov, Bolqarıstan Respublikasının energetika nazirinin müavini
Jun 01, 2026
Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
News
Azərbaycanın Xəzər dənizindəki külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var və Avropa İttifaqı (Aİ) gələcəkdə yaşıl enerji dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırır.